REGİONLAR


Gəncə Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Gəncə, 28 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Sentyabrın 27-si səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncə şəhərində də anım mərasimləri keçirilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində (GDU) də silsilə tədbirlər keçirilib. GDU-nun rektoru professor Yusif Yusibov və universitetin professor-müəllim heyəti əvvəlcə ali təhsil ocağında şəhidlərin xatirəsinə həsr edilən xatirə guşəsinin önünə gül dəstəsi qoyublar.

Sonra Gəncə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarı önünə gül dəstələri düzülüb, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi böyük hörmətlə yad edilib. Bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Günün ikinci yarısında universitetdə Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən Yusif Yusibov Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb. Qeyd edib ki, iki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, eləcə də strateji yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda rəşadətlə döyüşərək böyük tarixi nailiyyətə imza atdı. İşğal altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra dövlətimizin başçısı həmin ərazilərdə bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqlarda əsl sahibləri yaşayacaq. Necə ki, əsrlər boyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.

Rektor onu da vurğulayıb ki, Vətən müharibəsində Gəncə Dövlət Universitetinin əməkdaşları da fəal iştirak ediblər. Bu döyüşlərdə 16 nəfər universitet əməkdaşı şəhid olub. Onlarla əməkdaş qazi statusu alıb. Universitet rəhbərliyi onların adlarını xatirələrdə yaşatmaq üçün xüsusi guşə düzəldib, tez-tez həmin guşə ziyarət olunaraq önünə gül dəstələri qoyulur.

Sonra şəhid Yüksəl Əlizadənin anası, universitetin Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Kazımova, deputat Pərvin Kərimzadə, universitetin əməkdaşı, qazi Orxan Əliyev, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev və universitetin humanitar məsələləri üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən söhbət açıb, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.