REGİONLAR


Gəncə Dövlət Universitetinin müəllimləri İtaliya universitetində akademik təkmilləşmə kursu keçəcək

Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetinin 5 müəllimi İtaliyanın Ka Foskari Universitetində akademik təkmilləşmə kursu keçəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə rektor, professor Yusif Yusibov beynəlxalq proqramda iştirak etmək hüququ qazanmış müəllimlərlə görüşüb.

Rektor bildirib ki, beynəlxalq əlaqələrinin coğrafiyasını ildən–ilə genişləndirən Gəncə Dövlət Universiteti həm də İtaliyanın Venesiya şəhərində yerləşən Ka Foskari Universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq qurub. Məhz bu əməkdaşlıq çərçivəsində hər iki universitet 2018-ci ilin yanvarından Avropa Komissiyasının maliyyə vəsaiti hesabına “ERASMUS + KA 1” mübadilə layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi universitet müəllimləri və doktorantları üçün italyan dili kursları təşkil etmək və akademik heyətin həmin universitetlə mübadiləsinə şərait yaratmaqdır.

Yusif Yusibov qeyd edib ki, icra olunan layihə çərçivəsində italiyalı mütəxəssislər – Ka Foskari Universitetində İTALS Dil laboratoriyasının müdiri, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Maugeri fevralın 1-dən Gəncə Dövlət Universitetində italyan dilinin tədrisinə başlayıblar. Xarici dillər fakültəsinin müəllimləri üçün nəzərdə tutulmuş italyan dilində iki həftəlik intensiv təkmilləşdirmə kursundan sonra mənimsənilən biliklərin yoxlanılması üçün imtahan təşkil edilib. Həmin imtahanda uğur qazanan əməkdaşlar Ka Foskari Universitetində yenidən 10 günlük italyan dilində danışıq vərdişlərinin təkmilləşdirilməsi kursunda iştirak etmək hüququ qazanıblar.

GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Həsənov bildirib ki, “ERASMUS + KA 1” layihəsinə qoşulan və imtahanlarda iştirak edən 5 müəllim müvəffəqiyyət balını toplayaraq Ka Foskari Universitetində təşkil olunacaq italyan dili üzrə dil təkmilləşdirmə kurslarında iştirak etmək hüququ qazanıb.

Sonda rektor Yusif Yusibov akademik mübadilə proqramına qoşulan gənc müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.