REGİONLAR


Gəncə Dövlət Universitetinin təqdim etdiyi ixtiralar beynəlxalq sərgi iştirakçılarında böyük maraq yaradıb

Gəncə, 12 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi işini davam etdirir. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Gəncə Dövlət Universiteti (GDU) öz stendi ilə təmsil olunur.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təhsil naziri Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən GDU-nun stendi ilə yaxından tanış olub.

Stendə baxış zamanı universitetin rektoru, professor Yusif Yusibov nazirə universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib.

Rəhbərlik etdiyi ali məktəbin hər il sərgidə uğurla iştirak etdiyini deyən professor Yusif Yusibov bildirib ki, hər bir təhsil müəssisəsinin sərgidə təmsil olunmağı onun fəaliyyətinin göstəricisidir.

Diqqətə çatdırılıb ki, sərgidə il ərzində universitetin qazandığı nailiyyətlər, elm və tədrisdəki yenilikləri, universitet alimlərinin nəşr olunan kitabları və beynəlxalq konfranslardakı çıxışları, müəllimlərin monoqrafiyaları, habelə universitetin beynəlxalq əlaqələri, qoşulduğu çoxsaylı beynəlxalq layihələri, hər il təşkil olunan beynəlxalq konfranslar, xüsusən də innovativ təşəbbüsləri, startap layihələri və bu sahədə əldə olunmuş nailiyyətləri əks etdirilir.

Sonra universitetdaxili startap müsabiqələrində qalib gəlmiş ideyaların prototipləri olan meyvəqurudan qurğu ilə bal arılarını gənələrdən təmizləyən qurğu ilk dəfə sərgi iştirakçılarına təqdim edilib.

Bildirilib ki, universitet alimlərinin və tələbələrinin birgə təşəbbüsü ilə ixtira edilən bu qurğuların tətbiqi ölkəmizin aqrar sektoruna, xüsusən də meyvəçilik və arıçılığa böyük iqtisadi səmərə qazandıra bilər. Belə ki, birinci qurğu müxtəlif meyvələrin qurudularaq xarici bazarlarda satışını təmin edə bilər. İkinci qurğu isə bal arılarının sirayətləndiyi gənələri təmizləməklə onların məhsuldarlığını artırar.

GDU-nun stendinə gələn ziyarətçilərə bu təhsil müəssisəsinin bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat verilir. Sərgi iştirakçıları universitetin beynəlxalq əlaqələri, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edirlər.

XII Azərbaycan beynəlxalq təhsil sərgisi oktyabrın 13-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.