SİYASƏT
Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror siyasəti davam edir. Onlar bununla vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər. Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilməz, əksinə, gəncəlilərin mübariz ruhunu daha da artırır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib: “Müxtəlif informasiya kanallarından alınan məlumatlardan və verilən müsahibələrdən də görürük ki, düşmən qarşısına qoyduğu məqsədə nail ola bilmir. Çünki bu gün Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terrora məruz qalmış Gəncə əhalisi, ümumilikdə, bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir. Xalqımız torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. Bu da vətəndaşlarımızın yüksək vətənpərvərlik, həmrəylik, mübarizə əzmini nümayiş etdirir, Milli Ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərdiklərini ifadə edir”.
Deputat əlavə edib ki, vətəndaşlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun qəbul etdiyi qərarları tam dəstəkləyirlər. Xalqımız dövlətimizin başçısına dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər. Onun sözlərinə görə, heç bir azərbaycanlı şübhə etmir ki, bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verəcək. Beynəlxalq ictimaiyyət də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir.