CƏMİYYƏT
Gəncə-Göygöl yolunda piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib
Bakı, 24 avqust, AZƏRTAC
Gəncə şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 15-də saat 06 radələrində naməlum şəxs idarə etdiyi VAZ-21060 markalı 61-BD-570 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vurub bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək qaçan Göygöl rayonunun Toğana kənd sakini, 1956-cı il təvəllüdlü Verdiyev Sahib Hüseyn oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.