REGİONLAR
Gəncə İmamzadəsində iftar süfrəsi açılıb
Gəncə, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncədəki İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin əməkdaşları, şəhər ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, günün duası oxunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qeyd edib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir.
O bildirib ki, Azərbaycanda bu gün birlik və sabitlik hökm sürür. Ölkə ərazisində olan dini məbədlərin təmir və bərpasına, islami və milli mənəvi dəyərlərin qorunmasına diqqət çəkən icra hakimiyyətinin başçısı Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu vurğulayıb.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.