REGİONLAR
Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun Zəyəm-Qırılı hissəsinin tikintisi yekunlaşıb VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
“Böyük İpək Yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Artıq 130 kilometrlik yolun 39,8-82,2-ci kilometrlik (42,4 kilometr) Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı 27 santimetr təşkil edir.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur, 42,4 kilometrlik 2-ci hissənin 1-ci texniki dərəcəyə uyğun inşası artıq bitib, 39,8 kilometrlik 1-ci hissənin tikintisi isə yekunlaşmaq üzrədir.
Belə ki, magistralın tikintisi yekunlaşmış Zəyəm-Qırılı hissəsində 8 avtomobil körpüsü, 5 yol qovşağı və 2 yolötürücüsü inşa edilib. Mühəndis qurğularının ən kiçiyinin uzunluğu 27,6 metr, ən böyüyünün isə 290,24 metr ( Tovuz çay körpüsü) olmaqla ümumi uzunluqları 1133,25 metrdir.
Layihənin sözügedən hissəsində, həmçinin 29 alt keçid, 202 dairəvi boru, 12 düzbucaqlı su keçidi və 32 dayanacaq da inşa edilib.
Həmçinin Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93 faiz təşkil edir. Hazırda burada yol yatağı və yol əsasının tikintisi, asfalt-beton örtüyünün döşənməsi, çiyinlərin bərkidilməsi işləri, həmçinin mühəndisi qurğularının inşası son mərhələ üzrə aparılaraq yekunlaşdırılır.
Layihənin 47,95 kilometrlik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin də tikintisi davam etdirilir. Hazırda sözügedən hissədə qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur.
Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılır.
130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.