CƏMİYYƏT
Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 16-dan-20-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Xüsusi Xilasetmə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri üçün kurslar keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi, həmçinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən təşkil olunan kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı xilasetmə alət və avadanlığından düzgün istifadə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində xilasedicilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.
Kurslarda iştirak edən xilasedicilərə təcili xilasetmə dəstəsinin texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri üzrə mühüm aspektləri barədə mühazirələr oxunub, müvafiq videoçarxlar, fotoslaydlar nümayiş olunub, “Təcili xilasetmə dəstəsinin texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri üzrə mühüm aspektlər” adlı kitabı təqdim edilib.
Sonda xilasedicilərin mövzulara aid bilikləri yoxlanılıb.