REGİONLAR


Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə konfrans keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Gəncə Şəhər Ağsaqqallar Şurasının və İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yüngül sənayenin inkişafının idxalın azalmasında, kənd təsərrüfatının və məşğulluğun təkmilləşdirilməsində rolu” mövzusuna həsr edilmiş konfrans keçirilib.

Şuradan AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şuranın mətbuat katibi Rafiq Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nürəddin Məmmədov, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, ağsaqqallar, gənclər, alimlər, veteranlar təşkilatının, habelə digər müəssisə və qurumların nümayəndələri qatılıblar.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini böyük ehtiramla yad ediblər.

Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nürəddin Məmmədov iclası açaraq, öz çıxışında 44 günlük Vətən müharibəsindən, Azərbaycan xalqının, dövlətinin və Ordusunun yazdığı şərəfli tarixdən, möhtəşəm Qələbədən, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrilməsindən bəhs edib.

O vurğulayıb ki, bu müharibənin gedişində malik olduğumuz güc barəsində beynəlxalq aləmdə dəqiq təsəvvür formalaşdı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənən ölkəmizlə təhdid dilində danışmağın mümkünsüz olduğu dərk edildi. Biz - ağsaqqallar, alimlər, ümumiyyətlə hər bir vətəndaşımız çalışmalıdır ki, Vətənimiz daha da güclü və qüdrətli olsun: “Konfransın keçirilməsi də bu məqsədə xidmət edir və ümid edirik, təcrübəmizi, potensialımızı birləşdirərək iqtisadiyyatımızın inkişafına öz töhfəmizi verəcəyik”.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirərək, konfransın mövzusunun, müzakirə olunan məsələnin Gəncə şəhəri üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, Gəncədə yüngül sənayenin inkişafından, gələcək perspektivlərindən ətraflı söhbət açıb və qeyd edib ki, uzun müddət fəaliyyət göstərməyən bəzi yüngül sənaye müəssisələri artıq özəlləşdirilərək fəaliyyət göstərməyə hazırlaşırlar və bu prosesin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Bu isə yeni iş yerlərinin açılması, bir çox işsiz vətəndaşlarımızın işlə təmin olunması deməkdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, Gəncə Şəhər Ağsaqqallar Şurasının bu təşəbbüsünü, təcrübələrindən istifadə edərək ölkəmizin iqtisadi inkişafına öz töhfələrini vermək istəyini alqışlayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz dünya miqyasında davamlı və dayanıqlı iqtisadiyyata, böyük maliyyə resurslarına malik bir dövlətə çevrilib. Azərbaycanın artan iqtisadi gücü, beynəlxalq nüfuzu, mükəmməl ordu quruculuğu 30 il işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnib.

Hazırda işğaldan azad olunan ərazilərdə Böyük Qayıdış proqramının reallaşdırılmasından, möhtəşəm quruculuq işlərinin aparılmasından danışan natiq vurğulayıb ki, digər regionlarımızın da xammal və insan resursları potensialından səmərəli istifadə edilməsi baxımından konfransın mövzusu olan ölkəmizdə yüngül sənayenin inkişafı etdirilməsi çox aktual hesab oluna bilər. Bayram Yusifov bir daha konfransın işinə uğurlar arzulayaraq əmin olduğunu bildirib ki, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri öz təcrübələrindən bəhrələnərək şəhərin malik olduğu yüksək elmi kadr potensialından və müvafiq qurumlardan da dəstək alaraq yüngül sənayenin inkişafı və digər aktual məsələlərlə bağlı çox səmərəli layihə və təkliflər hazırlayıb aidiyyəti qurumlara təqdim edəcəklər.

Daha sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Mobil İmanov, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Məhərrəm Hüseynov və digər natiqlər əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması məqsədilə Azərbaycanda və Gəncədə yüngül sənayenin inkişaf perspektivlərindən ətraflı söhbət açıblar, məşğulluğun təmin edilməsi, gənclərin peşə hazırlığı ilə bağlı məsələlərə toxunublar, yüngül sənayenin inkişafına baza yaradılması məqsədilə istehsalın inkişaf perspektivləri barədə faktlarla və rəqəmlərlə ətraflı izahat veriblər.

Yüksək fəallıq şəraitində keçən konfransda ağsaqqalların, universitetlərdən gələn alimlərin və mütəxəssislərin səsləndirdiyi təkliflər də nəzərə alınmaqla mövzunun daha dərindən və hərtərəfli araşdırılması üçün işçi qrupunun yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.