CƏMİYYƏT
Gəncə Şəhər Baş Polis İdarəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Bakı, 14 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə Şəhər Baş Polis İdarəsi “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 23-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum edilməmiş, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyənləşdirilən şərtlərə cavab verən və Gəncədə daimi qeydiyyatda olan kişi vətəndaşlar iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında iki il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Müsabiqəyə qatılmaq istəyən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Gəncə Şəhər Baş Polis İdarəsinin kadrlar şöbəsinə (Əlaqə nömrələri: (022) 256-07-73, 256-12-74, 256-80-38) müraciət edə bilərlər.