REGİONLAR
Gəncə Tibb Kolleci əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Gəncə, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Tibb Kolleci əsaslı yenidənqurmadan sonra dövlət müstəqilliyinin 26-cı ildönümü günündə kollektivin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri Gəncə Tibb Kollecində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev bildirib ki, Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Kollec iki korpusdan ibarətdir. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunub. Dərs otaqları və kabinetlər yeni əyani vasitələrlə təchiz edilib. Əsas korpusun birinci mərtəbəsində tələbələrin müasir biliklərə yiyələnmələri üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr, həmçinin elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. Kollecin həyətində isə geniş yaşıllıq zonası yaradılıb.
Tanışlıqdan sonra Tibb Kollecinin iclas zalında kollektivlə görüş keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin dünənini və bu gününü özündə əks etdirən videoçarx nümayiş olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhərdə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərindən danışıb. Həmçinin şəhər icra hakimiyyətinin başçısı Gəncə Tibb Kollecində yaradılan şəraitin tələbələri yüksək təhsil almağa həvəsləndirəcəyini vurğulayıb.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev təhsil müəssisəsində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Bildirib ki, yaradılan müasir şəraitdən kollecdə təhsil alan 600 tələbə, 59 həkim-müəllim, 24 müəllim, 27 nəfər inzibati və texniki işçi olmaqla ümumilikdə 126 nəfər faydalanacaq.