REGİONLAR
Gəncə Tibb Kollecində müasir tələbə kafe-kitabxana inşa olunacaq
Gəncə, 17 may, Rauf Hacıyev, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yaxın vaxtlarda Gəncə Tibb Kollecində müasir tələbə kafe-kitabxana inşa ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürkə kolleclə tanışlığı zamanı məlumat verib.
M.Rzayev bildirib ki, bina üçün yer ayrılıb, əraziyə elektirk xətti və yüksəksürətli internet üçün fibrobtik kabel çəkilib.
Həmçinin Zəki Öztürkə əsası 1931-ci ildə qoyulan Gəncə Tibb Kollecinin tarixi, burada aparılan əsaslı təmir və bərpa işlərindən sonra təhsil ocağında yaradılan şərait barədə də ətraflı məlumat verilib.
Bina ilə tanış olan qonaq yeni təmir edilmiş auditoriya və sinif otaqlarını gəzib, Kollecin elektron kitabxanası və müasir maddi-texniki bazası ilə yaxından tanış olub.
Təhsil ocağı ilə tanışlıqdan məmnun olan Zəki Öztürk Gəncə Tibb Kolleci ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında ikitərəfli əməkdaşlığa dəstək olacağını deyib.