REGİONLAR
Gəncə, Tovuz və Göygöldə 6 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır
Bakı, 1 iyun, AZƏRTAC
Abonentlərin təbii qazdan rahat və daha əlçatan şəkildə istifadə etməsi “Azəriqaz” İB-nin əsas prioritet hədəflərindən biridir. Bu məqsədlə Birlik tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.
İB-dən AZƏRTAC-a bildirilib ki, Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərini mavi yanacaqla təmin edən, istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti 3200 metr uzunluğunda polietilen boru ilə əvəzlənir. Görülən işlər çərçivəsində sərhəd bölgəsində yaşayan 2700 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.
Gəncə şəhərində Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən pərakəndə şəkildə çəkilən qaz xətləri diametri 225 millimetr olan vahid polietilen boru ilə çəkilən qaz xətti ilə əvəzlənir. 2300 metr uzunluğunda yeni qaz xətti hazır olduqdan sonra təkcə Gəncə şəhəri deyil, Göygöl rayonunun da bir hissəsindəki 3500-ə qədər abonent mavi yanacaqdan dayanıqlı şəkildə istifadə edə biləcək.