İQTİSADİYYAT
“Gəncə Xalça Kombinatı”nın investoru müəyyənləşib
Bakı, 28 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən investisiya müsabiqəsi nəticəsində daha bir müəssisə fəaliyyətini bərpa edəcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, avqustun 15-də “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payların satışı üzrə investisiya müsabiqəsi elan olunub. Müsabiqə Komissiyasında iddiaçıların təkliflərinə baxılaraq açıq səsvermə yolu ilə “Gəncə İlməçi” MMC investisiya müsabiqəsinin qalibi seçilib.
Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 7,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 22 milyon manat olan ikiillik İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və sair) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, habelə müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq, məhsulların nümayişi və satışının təşkili üçün sərgi-satış salonu yaradılacaq. Müəssisənin infrastruktur təminatı tam yenilənəcək, xammal, material, komplektləşdiricilər alınacaq, ərazidə abadlıq işləri görüləcək, işçilərin şəraitinin yaxşılaşdırılması üçün yeni yeməkxana binası istifadəyə veriləcək.
İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və sair) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaq. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.