İQTİSADİYYAT
Gəncə Yaşayış Kompleksi tezliklə vətəndaşlara təklif ediləcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcək. Bu layihə agentliyin regionda inşa etdiyi ilk yaşayış kompleksidir.
MİDA-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bidirilib ki, Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil var. Bunlardan 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olmaqla, mətbəx mebeli (qaz plitəsi və aspirator daxil olmaqla), kombi isitmə sistemi (kombi avadanlığı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilib. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcək.
Ərazidə yaşayış binaları ilə yanaşı, 1176 şagird yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası inşa edilib. Ötən tədris ilində isə tam orta məktəb binası istifadəyə verilib.
Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi, Gəncə şəhərində inşa olunan kompleksin ərazisində də yaşıllaşdırma və abadlıq işləri həyata keçirilib, sakinlər üçün istirahət guşələri yaradılıb, geniş həyətlər, uşaq oyun meydançaları istifadəyə verilib.