REGİONLAR
Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Gəncə Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin digər layihələrində olduğu kimi Gəncə Yaşayış Kompleksində də güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksəkkeyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir olunub.
Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib.
Gəncə Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən videoçarx hazırlanıb. Videoçarx ilə Agentliyin “www.mida.gov.az” internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bununla yanaşı, Gəncə şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu (https://gence.mida.gov.az) internet səhifəsi istifadəyə verilib. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə ərazidə yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkündür.