REGİONLAR
Gəncə Yeni ili böyük coşqu və möhtəşəm atəşfəşanlıqla qarşılayacaq
Gəncə, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gəncədə təntənəli ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, yerli ictimaiyyət, sakinlər və şəhərin qonaqları iştirak ediblər.
Şəhərin Heydər Əliyev meydanında təşkil olunan tədbir maraqlı və coşqulu anlarla yadda qalıb.
Əvvəlcə Niyazi Bayramov Gəncənin baş meydanında qurulan Yeni il şəhərciyini gəzib, burada yaradılan şəraitlə tanış olub.
Daha sonra Gəncə Regional Mədəniyyət İdarəsi ilə Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdikləri maraqlı proqram nümayiş etdirilib.
Bildirilib ki, Gəncənin 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilməsi böyük uğurdur. Yeni ildə şəhərdə idman sahəsində müxtəlif yarışların, layihələrin və tədbirlərin reallaşdırılacağı diqqətə çatdırılıb. Tədbirdə Gəncənin peşəkar idmançılarının nümunəvi çıxışları olub. Uğurlu çıxışları ilə dünyanın və ölkənin idman arenalarında müxtəlif nailiyyətlər əldə edən idmançılar Gəncə Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunublar.
Bayram tədbirində Xalq artisti Şahnaz Haşımova və Əməkdar artist Abbas Bağırov konsert proqramı ilə çıxış ediblər. Gəncə Dövlət Kukla Teatrının kollektivi tərəfindən bayram əhval-ruhiyyəli səhnəciklər təqdim edilib. Cizgi filmlərinin və müxtəlif nağıl qəhrəmanlarının çıxışları maraqla qarşılanıb.
Xatırladaq ki, Gəncədə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunan tədbirlər dekabrın 18-dən start götürüb. Belə ki, şəhərin əsas meydanında hündürlüyü 21 metr olan küknar ağacı qurulub. Burada balacaların asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün müxtəlif attraksionlar quraşdırılıb. Ərazidə tir, “Faceart” və digər əyləncələr üçün də şərait yaradılıb. Şəhərin müxtəlif musiqi kollektivləri hər gün saat 17:00-dan etibarən konsert proqramı ilə çıxış ediblər. Dekabrın 31-i gecə saat 00:00-da isə sakinləri və şəhərin qonaqlarını möhtəşəm atəşfəşanlıq gözləyir.