ELM VƏ TƏHSİL


Gəncə alimləri “Qələbə Günü” mövzusunda respublika konfransında fəal təmsil olunub

Bakı, 16 noyabr, AZƏRTAC

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Qələbə Günü” mövzusunda gənc alimlərin respublika onlayn seminar-konfransı keçirilib. Tədbirdə akademiyanın Gəncə Bölməsini təmsil edən Gənclər üçün Prezident mükafatçısı, bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış edib.

Bu barədə AZƏRTAC-a Gəncə bölməsindən məlumat verilib. Bildirilib ki, tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov açaraq rəşadətli Azərbaycanın Ordusunun İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi münasibətilə iştirakçıları təbrik edib. O vurğulayıb ki, bu Qələbə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunub.

F.Salmanov akademiya gəncliyinin onlarla nümayəndəsinin könüllü olaraq döyüşlərə qatıldığını, həmçinin alim və mütəxəssislərin həm informasiya mübarizəsində fəallığını, həm də Silahlı Qüvvələrimizə maddi dəstək göstərdiyini diqqətə çatdırıb.

Çıxışlarda qeyd olunub ki, milliyyətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın bir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək səfərbər olması Böyük Qələbəmizi şərtləndirən əsas amillərdən biridir. Bundan sonra gənclərin üzərinə ikiqat məsuliyyət düşür. Onlar ilk növbədə yüksəkixtisaslı, müasir texnologiyalara bələd, peşəkar kadr olmaq üçün səylərini artırmalıdırlar.

Tədbirdə akademiyanın Elm və Təhsil İdarəsinin rəis müavinləri - Vüqar Haqverdiyev, Hüseyn Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, Dubna Nüvə Tədqiqatları Mərkəzinə ezam olunan tədqiqatçısı Mətləb Mirzəyev, AMEA YAP ərazi təşkilatının sədri Ulduzə Qurbanova, Gənc Alim və Mütəxəssislər şuralarının institutlar üzrə sədrləri və digər gənc alimlər çıxış edərək ürək sözlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.