REGİONLAR
Gəncə ilə Braqa şəhərləri arasında həyata keçiriləcək layihələr müzakirə edilib
Gəncə, 31 may, Rauf Hacıyev, AZƏRTAC
Portuqaliyada Gəncə ilə Braqa şəhərləri arasında ikitərəfli münasibətlərin inkişafına təkan verən tədbirlər və “Sturt UP” layihələri ətraflı müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisinin deputatları, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pərvin Kərimzadə və Naqif Həmzəyev Portuqaliyanın Braqa şəhərində səfərdə olublar.
Səfər çərçivəsində Milli Məclisin deputatları Braqa şəhərinin meri Ricardo Rio, vitse-mer Sameiro Araujo, Avropa Gənclər Şəbəkəsinin rəhbəri Carlos De Sousa Santos ilə görüşüb, “Braga Sturt UP” layihəsinin rəhbərliyi və fəal üzvləri ilə ətraflı müzakirələr aparıblar.
Həmçinin Minhon Universitetinin rektoru Antonio Cunha, universitetin ombudsmanı Paula Cristina Martins, pedaqogika fakültəsinin dekanı Rosa Vaskonselos ilə görüşlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələri ilə birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında müzakirələr aparılıb və tezliklə müvafiq layihələrin icrasına başlanılması üçün razılığa gəlinib.