REGİONLAR
Gəncə məktəblərində son zəngin sədaları yayılıb
Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC
Bu tədris ilində Gəncə şəhərindəki 46 təhsil müəssisəsində 2 min 335 nəfər XI sinfi bitirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdə “son zəng” tədbirləri şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib.
Şəhərin bütün tam orta təhsil müəssisələrində keçirilən son zəng tədbirində məktəb kollektivi ilə yanaşı, təhsil şöbəsinin nümayəndələri və valideynlər də iştirak ediblər.
Bildirilib ki, hər il olduğu kimi, bu il də Gəncədəki təhsil müəssisələrinin 11-ci sinif şagirdləri Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında fəal iştirak edib və yüksək göstəriciyə nail olublar. Belə ki, şəhər üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 63 nəfəri 600-dən yüksək bal toplayıb.
Qəbul imtahanlarında Gəncə şəhəri üzrə ən yüksək nəticə isə İsrafil Məmmədov adına Fizika-Riyaziyyat-İnformatika təmayüllü Məktəb-Liseydə qeydə alınıb. Bu məktəbin XI sinif şagirdləri Ramazan İbrahimli 2-ci qrup üzrə, Vüsal Məsmalıyev isə 3-cü qrup üzrə hər biri 690 bal toplayıblar.
“Son zəng” tədbirlərində çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb, onları Vətənə layiqli övlad olmağa səsləyiblər.
Tədbirdə qəbul imtahanlarında yüksək bal toplayan, eləcə də respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğur qazanan digər şagirdlər fəxri fərmanla mükafatlandırılıblar.
Şagirdlərin nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyadan sonra “son zəng” çalınıb.