MƏDƏNİYYƏT
Gəncə qapısı: Qürbətdə qalan Azərbaycan incisi
Tbilisi, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın yaxın qonşusu və strateji tərəfdaşı olan Gürcüstanın zəngin mədəniyyəti, tarixi, mədəni abidələri var. Paytaxt Tbilisi şəhərində, eləcə də bu ölkənin bölgələrində Azərbaycana və azərbaycanlılara məxsus çoxlu tarixi, mədəni abidə, məscid və digər daşınan və daşınmaz mədəniyyət abidələri mövcuddur. Bu abidələr də Gürcüstan mədəniyyətinə, incəsənətinə, ədəbi mühitinə xüsusi gözəllik bəxş edir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın mədəni, tarixi abidlərindən biri də Helati monastırı və bu dini məbəddə saxlanılan Azərbaycan incisi qədim Gəncə qapısıdır.
Helati monastır kompleksi Gürcüstanın İmereti bölgəsində, ölkənin ikinci ən böyük şəhəri olan Kutaisi yaxınlığındadır. Kutaisi qədim tarixi abidələrlə əhatə olunub. Bu abidələr sırasında adları Dünya İrs siyahısına daxil edilmiş Helati monastırı, Promotey körpüsü, Baqrati kilsəsi, Promotey mağarası və digərləri var.
Orta əsrlərə aid olan və gürcü xristian pravoslav dininin dəyərini ifadə edən Helati monastır kompleksi 1106-cı ildə gürcü çarı Qurucu Davidin təşəbbüsü ilə tikilib. Gürcüstanın ilk dini məbədlərindən olan Helati monastırı Gürcüstan mədəniyyəti və gözəlliyinə böyük dəyər verir və el arasında “Gürcüstanın Qızıl Yaşı” adlandırılır.
Monastır kompleksində ərzaq və su anbarları, dini ibadət yerləri, müşahidə məntəqələri, həmçinin Helati Akademiyası var. Bu akademiyada Gürcüstanın, eləcə də qonşu Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə və digər ölkələrin xristian dini icmaları üçün ixtisaslı kadrlar hazırlanıb.
Monastırın maraqlı cəhətlərindən biri də ona xüsusi gözəllik gətirən, bura gələn ziyarətçilərin, turistlərin maraqla seyr etdikləri Azərbaycanın qədim mədəniyyətinin incisi Gəncə qapısıdır. Bu qədim mədəniyyət abidəsi XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb.
Məlum olduğu kimi 1139-cu ildə Gəncədə çox güclü və dağıdıcı zəlzələ baş verib. Dağıdıcı zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər Gəncə qapısının bir hissəsini Gürcüstana aparıblar.
Hazırda Gəncə qapısı üstü örtülü olan bir yerdə saxlanılır. Qapının üstündəki yazılar, naxışlar turistlərin və tarixi araşdırmaçıların böyük marağına səbəb olur. Qapının ətəyindəki bəzi hissələr artıq çürüyüb. Qapının ciddi təmir və bərpaya ehtiyacı var.
Maraqlıdır ki, Helati monastırına gələnlərə 1139-cu ildə Gürcü çarının Gəncəni döyüşlə tutduğu və qapının bir hissəsinin zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində isə o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı müqavimət aparmağa qüvvələri olmayıb.
Yuxarıda qeyd olunduğu kimi Kutaisi yaxınlığında digər mədəniyyət abidələri də var. Bunlardan biri də Pompey körpüsüdür.
Helati monastırına gedən yol Tsxaltubo çayının üstündən keçir. Çayın üzərində daha bir tarixi abidə, Pompey körpüsünün qalıqlarını görmək olar. Körpünü böyük yunan sərkərdəsi Pompey bizim eranın başlanğıcında inşa etdirib. İkinci belə bir körpünün qalıqları Tbilisi yaxınlığındakı Msxeti rayonundadır.
Digər maraqlı bir tarixi abidə isə Promotey mağarasıdır.
Min ildən çox yaşı olan mağaranın ümumi uzunluğu 25 kilometr, iç mağaraların sayı isə 25-dən çoxdur. Mağara barədə SSRİ dövründə ictimaiyyətə ətraflı məlumat verilməyib. Düzdür insanlar burada dərin bur uçurumun olduğunu biliblər. Mağaraya arzu tutub daş da atırmışlar. Amma onun əsl mahiyyətindən xəbərsiz olublar.
SSRİ Müdafiə Nazirliyi isə bu mağaranı bombadan sığınacaq yeri kimi nəzərdə tutub.
Hazırda bura gələn turistlər mağaranın yalnız 1,5 kilometrini gəzə bilirlər. 2005-2006-cı illərdə mağaranın yenidən öyrənilməsinə başlanılıb və 2012-ci ildən turistlər bu mağaraya buraxılıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi