REGİONLAR
Gəncə sahibkarları vergi qanunvericiliyinə edilmiş dəyişikliklər barədə məlumatlandırılıb VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Vergilər Məcəlləsinə edilmiş dəyişikliklər ölkədə sahibkarlığın və investisiyaların təşviqi, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların qanuni hüquqlarının daha etibarlı qorunması, dürüst və şəffaf vergi uçotunun qurulmasına xidmət edir.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri yanvarın 28-də Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarında fəaliyyət göstərən, həmçinin Kəlbəcər rayonundan olan sahibkarlarla görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Qeyd olunub ki, ölkə başçısının təşəbbüsü ilə qəbul edilmiş “Vergiödəyicilərinin 2017-ci ilin yanvarın 1-nə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradır.
Görüşdə çıxış edən Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamələri və hesabat formaları, vergiödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergiödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, uçot sisteminin şəffaflaşdırılması və s. barədə ətraflı izahatlar veriblər.
Tədbirdə vergiödəyicilərinin pərakəndə ticarətdə uçot sistemi ilə bağlı müəyyən edilmiş tələblər, elektron qaimə-fakturaların tətbiqi, sabit vergi və könüllü vergi açıqlaması sistemlərinin mahiyyəti, nağd ödəmələrə qoyulmuş limitlər, ödəmə mənbəyində tutulan vergilər və s. kimi məsələlərlə bağlı çoxsaylı suallar cavablandırılıb.
Sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, son iki həftə ərzində Ərazi Vergilər Departamentlərinin və idarələrinin əhatə dairəsinə daxil olan 54 rayonda fəaliyyət göstərən yerli sahibkarlarla görüşlər keçirilib, vergi qanunvericiliyində aparılmış dəyişikliklərin onlar tərəfindən necə mənimsənildiyi yoxlanılıb.