CƏMİYYƏT
Gəncə şəhər sakinində silah aşkarlanıb
Bakı, 2 iyun, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov saxlanılıb.
İdarədə onun üzərində axtarış aparılan zaman atəşə yararlı “TT” markalı tapança, həmin tapançaya aid sandıqca və patron aşkarlanaraq götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.