CƏMİYYƏT
Gəncə şəhər sakinindən silah aşkarlanaraq götürülüb
Bakı, 21 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlərlə onun evindən isə “AK-74” markalı silah, bir patron darağı və otuz patron aşkarlanıb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini R.Əmənovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muradxan kənd sakini Q.Talıbovda müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı təhqiqat aparılır.