REGİONLAR
Gəncə şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib
Bakı, 22 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dekabrın 22-də Gəncə şəhərində keçirdiyi işgüzar forumda Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu kreditlər, əsasən, aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahələrinin inkişafına yönəldiləcək və 250-yə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Yüz əlliyə yaxın sahibkarın iştirak etdiyi forumda Gəncə şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, süni üzlüklər və dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, sabun istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək fondun vəsaitləri hesabına Gəncə şəhərində sahibkarlıq subyektlərinin 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 39 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 228 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində, həmçinin dövlətin güzəştli krediti hesabına Gəncə şəhərində yaradılan ixtisaslaşdırılmış "yaşıl market" kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
Ümumilikdə, indiyədək dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış "yaşıl market"in yaradılmasına 15,7 milyon manat güzəştli kredit verilib.