MƏDƏNİYYƏT
Gəncə şəhərində Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Uşaq və yeniyetmələrə dəstək” İctimai Birliyi (UYD) tərəfindən Gəncə Filarmoniyasında Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində “Rənglənmiş tarix” adlı fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə Şuşa musiqiçilərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullar ilə rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb.