REGİONLAR


Gəncə şəhərində “Ümumrespublika Xəmsə Festivalı”nın IX regional turu baş tutub

Bakı, 28 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Ümumrespublika Xəmsə Festivalı"nın IX mərhələsi keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə layihə iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Gəncə Şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən, Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinin önəminə toxunub. Bildirib ki, bu müdrik addım gənc nəslin öz tarixi köklərinə bağlı şəkildə yetişməsinə müstəsna töhfələr verir. Bu istiqamətdə müxtəlif tədbirlər keçirilir ki, onların da böyük əksəriyyətində gənclər yaxından iştirak edirlər və beləliklə gənc nəslə Azərbaycan xalqının milli dəyərləri aşılanır. "Ümumrespublika Xəmsə Festivalı"nın həm IX regional həm də final turunun Gəncə şəhərində keçirilməsinin bölgədən olan gənclər üçün əlamətdar hadisə olduğunu diqqətə çatdıran N.Həmzəyev bu təşəbbüsün gənclərin biliklərinin əyani şəkildə möhkəmlənməsində önəmli rol oynayacağını ifadə edib.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov məlumat verib ki, "Ümumrespublika Xəmsə Festivalı"nın Respublikanın bütün bölgələrini əhatə etməklə artıq IX regional turu keçirilir ki, bu mərhələdən sonra həmin turlarda qalib gəlmiş komandalar final mərhələsində birincilik uğrunda mübarizə aparacaqlar . Ümumilikdə 420 nəfər gənci əhatə edən layihə ölkəmizin müxtəlif bölgələrində intellektual potensiala malik olan gənclərin üzə çıxarılmasında önəmli əhəmiyyətə malikdir. YAP Gənclər Birliyi tərəfindən keçirilən layihələrin gənclər üçün faydalı olmasına xüsusi diqqət yetirildiyini bildirən B.İslamov festivalın Gəncə şəhərini əhatə etməsinin də məhz simvolik əhəmiyyət daşıdığını qeyd edib.

Gədəbəy, Naftalan, Qazax, Ağstafa, Kəlbəcər, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gəncə bölgələrini təmsil edən YAP üzvlərindən və bitərəf gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən IX regional turun nəticəsində “Gəncə” və “Qazax” komandaları final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin final turu oktyabr ayında Gəncə şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.