İQTİSADİYYAT
Gəncə tekstil fabriki əvvəlki şöhrətini özünə qaytarır
Gəncə, 1 iyun (AZƏRTAC, Sabir Əliyev). İqtisadiyyatın əsas sahələrindən olan yüngül sənayenin inkişafı son illər yeni istehsal münasibətləri çərçivəsində daha da aktuallaşmışdır. Bu baxımdan vaxtilə Gəncədə mövcud olan, lakin SSRİ-nin dağılması ilə əlaqələrin qırılması nəticəsində işini dayandıran müəssisələrin bir qismi fəaliyyətini yenidən bərpa etməyə başlamışdır. Belə müəssisələrdən biri də Gəncə tekstil fabrikidir.
AZƏRTAC xəbər verir ki, müstəqilliyimizin ilk illərində digər sənaye müəssisələri kimi Gəncə tekstil fabriki də (əvvəllər toxuculuq kombinatı adlanırdı) özünün tənəzzül dövrünü yaşamışdır. Müəssisə ildən-ilə geri gedərək nəhayət bağlanmışdı. Uzun illər burada çalışan yüksək ixtisaslı kadrlar, eləcə də fəhlələr işdən çıxaraq digər sahələrdə iş axtarmalı olmuşlar. Nəticədə kombinat Azərbaycanın yüngül sənaye sektorunda öz yerini itirmişdir.
Lakin xalqımızın ulu öndəri Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra özəl sektorun inkişafına göstərilən diqqət və qayğı nəticəsində müəssisə yenidən fəaliyyətini davam etdirməyə başlamışdır. İnkişaf etmiş ölkələrdən qısa vaxt ərzində müasir avadanlıq gətirilmiş və yeni ixtisaslı kadr hazırlığına başlanılmışdır. 1926-cı ildə təməli qoyulan müəssisədə geniş abadlıq və quruculuq işləri aparılmışdır. Çəkilən əziyyət qısa müddətdə bəhrəsini vermişdir. Hazırda fabrik tam gücü ilə işləməsə də, Gəncənin sənaye potensialında öz yerini tutmuşdur. İndi burada 160 işçi çalışır ki, onların da əksəriyyətini qadınlar təşkil edir.
Fabrikdə məhsul yerli xammal hesabına 90 faiz yenilənmiş avadanlıq vasitəsilə istehsal olunur. Burada 6 istehsal sexi fəaliyyət göstərir. Sexlərdə müəyyən proseslərdən keçirilən mahlıcdan toxucu sexində cuna istehsal edilir. Həmin cunalar xüsusi nəzarət altında yuyularaq bükülür, sonra isə satış üçün apteklərə göndərilir.
Sex rəisi İsmayıl Əmiraslanov demişdir ki, iqtisadiyyatın əsas sahələrindən olan yüngül sənayenin inkişafı üçün ölkəmizdə böyük imkanlar açılmışdır. Xüsusilə, 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı fəaliyyətimizi genişləndirmək üçün bizə əlverişli şərait yaratmışdır. Yaradılan bu imkan və şəraitdən maksimum istifadə etməklə hələ çox iş görməliyik. Xüsusilə istehsal olunan məhsulların ixracını təmin etmək qarşıda duran əsas problemlərdəndir. Buna baxmayaraq, fabrikin məhsullarının anbarda yığılıb qalmaması üçün bütün imkanlardan istifadə olunur. Bunun üçün axtarışlar aparır, bəzi köhnə avadanlığı yeniləməklə daha keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal etməyə çalışırıq. Yaxın zamanlarda yeni məhsulların istehsalı təmin olunacaqdır.