REGİONLAR
Gəncədə 13 min imtiyazlı ailəyə və uşaq evlərinə qurban payı verilib
Gəncə, 13 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Qurban bayramı münasibətilə Gəncə şəhərinin müxtəlif ərazilərində qurbanlıq heyvanlar kəsilərək Qarabağ əlilləri, şəhid ailələri, aztəminatlı və imtiyazlı ailələrə paylanılıb.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən on məntəqədə təşkil olunan bu aksiyalarda 15 baş iribuynuzlu, 540 baş xırdabuynuzlu heyvan kəsilərək 13 min ailəyə paylanılıb. Uşaq evlərinə də bayram sovqatı göndərilib.
Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev bildirib ki, heyvanlar sanitar tələblərə uyğun şəkildə kəsilir. Baytar həkimlər tərəfindən bütün kəsim məntəqələrinə nəzarət edilir. Şəhər rəhbərliyi tərəfindən ayrılmış xüsusi yerlərdə heyvanların diri satışı və kəsimi təşkil olunur. İdarə bayramla bağlı gücləndirilmiş iş rejimində çalışır.
Qurban payları siyahı əsasında sahiblərinə çatdırılıb. Qurban payı alan insanlar bu müqəddəs gündə onları yada salan və sevindirən hər kəsə minnətdarlıqlarını bildiriblər.
İmamzadə ziyarətgahında kəsilən qurbanlardan isə Gəncə şəhərində fəaliyyət göstərən məscidlərə qurban payları göndərilib.