REGİONLAR
Gəncədə 1 yeni avtobus xətti açılıb, 8 marşrut xəttinin sxemində isə dəyişiklik edilib
Gəncə, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər sakinlərinin müraciəti nəzərə alınaraq 1 yeni avtobus xətti açılıb, 8 marşrut xəttinin sxemində isə dəyişiklik edilib.
Bu barədə AZƏRTAC-a Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən məlumat verilib.
Bildirilib ki, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 2016-cı il iyulun 1-dən fəaliyyətə başlayıb. Hazırda Gəncə şəhərində 40 marşrut üzrə 294 avtobus sərnişindaşıma ilə məşğul olur.
İdarə fəaliyyət göstərdiyi dövrdə sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar reydlər keçirib, sadələşmiş vergi ödəməkdən yayınan nəqliyyat vasitələrinin sahiblərinə qarşı ciddi tədbirlər görüb, nəticədə nəqliyyat vasitələrinin sahibləri dövlət rüsumunu ödəməyə cəlb olunublar. Şəhərdaxili marşrutlarda sərnişinlərin vaxtlı-vaxtında və təhlükəsiz daşınması, eləcə də sürücülərin nizam-intizam qaydalarına riayət etməsi üçün idarə tərəfindən mütəmadi reydlər keçirilib, avtobus parklarında sahibkarlar və sürücülərlə görüşlər təşkil edilib.
Görülmüş tədbirlərin həyata keçirilməsində məqsəd yol hərəkəti qaydalarının pozulmasının, dayanacaqlardan kənarda və ikinci xətlərdə avtobusların saxlanılmasının qarşısını almaq, həmçinin sürcülərin vahid forma geyinməsini, avtobuslarda təmizliyə riayət olunmasını və sərnişinlərlə mədəni rəftar edilməsini təmin etməkdir. Gələcəkdə də sərnişinlərin şikayət və iradlarının tez bir zamanda həll edilməsi məqsədilə idarə tərəfindən “qaynar xətt” (022-256-05-06) istifadəyə verilib.
Sərnişindaşımada təhlükəsizliyin təmin olunması məqsədilə ötən dövrdə iki marşrut xətti üzrə maye qazla işləyən kiçiktutumlu avtobuslar ortatutumlu avtobuslarla əvəz edilib. Şəhərdə yerləşən dayanacaqların istifadə vəziyyəti nəzarətdə saxlanılıb, 13 dayanacağın qarşısında isə cizgiləmə işləri aparılıb.
Həmçinin sərnişindaşıma xidməti göstərən bütün sahibkarların nəzərinə çatdırılıb ki, qısa müddətdə müasir tələblərə cavab verməyən, istismar müddəti bitmiş, maye qazla işləyən nəqliyyat vasitələrini yeniləri ilə əvəz etsinlər. Əks təqdirdə həmin sahibkarlarla yenidən müqavilənin bağlanmayacağı barədə onlara bildiriş təqdim edilib.