REGİONLAR
Gəncədə 200 çarpayılıq Psixiatriya Xəstəxanası istifadəyə verilib
Gəncə, 23 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya Xəstəxanası istifadəyə verilib.
Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəstəxananın birinci mərtəbəsində laboratoriya, stomatoloji kabinet, ŞÜA diaqnostika şöbəsi, EKQ, mühasibatlıq şöbəsi, psixoloq kabineti, kadrlar şöbəsi və operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek də fəaliyyət göstərir. Binanın digər 4 mərtəbəsi isə xəstələr üçün nəzərdə tutulub.
“Azərbaycan səhiyyəsinin inkişafı dövlət siyasətinin ən vacib prioritetlərindən biridir. Gəncədə inşa olunmuş belə müasir və bütün lazımi avadanlıqlarla təchiz edilmiş Psixiatriya Xəstəxanasının istifadəyə verilməsi bunun bariz nümunəsidir. Əsas odur ki, xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otaqları, hər mərtəbədə sanitar qovşaq, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir”, – deyə baş həkim məlumat verib.
O qeyd edib ki, Psixiatriya Xəstəxanasının işçi heyəti hazırda 175 nəfərdən ibarətdir. Onlardan 6 nəfəri həkim, 25 nəfəri orta tibb heyəti, 8-i idarəetmə aparatının işçiləri, 27 nəfəri təsərrüfat işçiləri, 4-ü təsərrüfat bacısı, 105 nəfəri isə kiçik tibb işçisidir. Yeni xəstəxanada palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi nəzarət olunur. Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman), Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) və BMT-nin aidiyyəti qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Həmçinin yeni xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün olduqca təsirli olan art terapiya tətbiq olunur. Belə ki, xəstələr onlar üçün xüsusi ayrılmış otaqlarda tikiş, musiqi, toxuma və rəsmlə məşğul olurlar. Bu məşğuliyyət onların sağalmasına müsbət təsir göstərir.
“Xəstələrimiz onlara ayrılmış reabilitasiya otaqlarında bacarıqlarına uyğun işlərə cəlb edilirlər. Belə ki, binanın həyətində şahmat oynamaq üçün xüsusi yer ayrılıb. Xəstəxanaya gələn qonaqlar xəstələrimizin əl işlərini çox bəyənirlər. Gələcəkdə hətta bu əl işlərindən ibarət sərginin də keçirilməsini nəzərdə tuturuq”, – deyə Elmira Mirzəyeva qeyd edib.