REGİONLAR
Gəncədə Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib VİDEO
Gəncə, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolas İaşvili, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.
Daha sonra şəhərin baş meydanında quraşdırılan monitor vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti dinlənilib.
Anım Günü ilə əlaqədar tədbir Gəncənin Şəhidlər xiyabanında davam edib. Tədbir iştirakçıları, ilk olaraq, burada yeni quraşdırılan və üzərində Gəncənin I Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkil və məlumatları həkk olunan lövhəyə baxış keçiriblər.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Quru Qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. O, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. Hacı Tahir Abbasov dövlətimizə qüdrət, ordumuza rəşadət, şəhidlərimizə rəhmət diləyib.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında Vətən müharibəsi qazisi Həsən Cəfərovun “Millətəm” pyesi əsasında hazırlanan “Şuşa, sən azadsan!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsilə saat 12:00-da səs siqnalları verilib.
Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziləri ziyarət edib, şəhid olan mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.
Gəncənin Heydər Əliyev Park-Kompleksində 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası da olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri və deputatların qatıldığı aksiyada şəhərin iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı, kiparis və tuya ağacı əkilib.
Günün ikinci yarısında isə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman baş İdarəsinin təşkilatçılığı ilə “Vətən var olsun!” devizi altında fləşmob təşkil olunub.
Qeyd edək ki, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri kollektivləri ilə birgə gün ərzində Şəhidlər xiyabanını və Qələbə parkını ziyarət edəcəklər. Bununla yanaşı, Gəncənin baş meydanında quraşdırılan monitorda Gəncənin I Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkil və məlumatlarının yer aldığı video-slayd nümayiş olunacaq.