REGİONLAR
Gəncədə Autizm Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb
Gəncə, 5 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhəri Gənclər Evində Autizm Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
Gənclər Evinin direktoru Amil Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Autizm Reabilitasiya Mərkəzinin fəaliyyətində əsas məqsəd autizm sindromundan əziyyət çəkən gənc və uşaqların reabilitasiyasını təmin etməkdir.
Qeyd edilib ki, mərkəzin xidmətlərindən autizm sindromundan əziyyət çəkənlərlə yanaşı, daun, uşaq serebal iflici və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yararlana bilərlər.
Mərkəzdə təlim alan uşaqlara müxtəlif idman növləri (velosiped, üzgüçülük, stolüstü tennis, yüngül atletika və sair) öyrədilir. Bununla yanaşı uşaqlara loqaped, psixoloq, psixopedaqoqlar vasitəsilə təlimlər və dərslər keçilir. Autizm Reabilitasiya Mərkəzində təlim alan uşaqlar üçün idmanın müxtəlif növləri üzrə yarışlar da təşkil olunur. Həmçinin mərkəzdə təlim alan uşaqlara ictimai reabilitasiya və sosiallaşma proqramı çərçivəsində təlimlər keçirilir.