REGİONLAR
Gəncədə “Autizm spektr pozuntuları” mövzusunda maarifləndirici seminar təşkil edilib
Gəncə, 10 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Autizm spektr pozuntuları” mövzusunda maarifləndirici seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Türkiyədən dəvət olunmuş psixoloq Çetin Özbey, psixoterapevt Elmir Əkbər, təhsil və səhiyyə işçiləri iştirak ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, "Loqos"un rəhbəri Təranə Məmmədova, psixoterapevt Elmir Əkbər çıxış edərək mövzunun aktuallığını diqqətə çatdırıblar. Bildirilib ki, V.M.Bexterev adına Sankt Peterburq Psixonevroloji Elmi-Tədqiqat İnstitutunun aparıcı nümayəndələri mərkəzdə “Psixoterapiya və kliniki psixologiya” magistratura proqramı üzrə tələbələrə dərs keçəcək. Sonda tələbələrə beynəlxalq diplom təqdim olunacaq.
Türkiyədən dəvət olunmuş psixoloq Çetin Özbey “Autizm spektr pozuntuları” mövzusunda iştirakçılara geniş məlumat verib. Autizmi olan uşaqların qeyri-adi vərdişlərindən çəkindirməyin yollarını izah edən psixoloq sindromun təkcə tibbi deyil, həm də sosial və psixoloji problemlər törətdiyini qeyd edib. O, autizm sindromlu uşaqların psixoloq, müəllim və valideynlərin birgə dəstəyi ilə sosial həyatla əlaqələrini möhkəmləndirmələrinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, maarifləndirici seminar Lənkəran və Şəki şəhərlərində də təşkil ediləcək.