REGİONLAR
Gəncədə “Azərbaycan Könüllülük Xidməti” iştirakçılarının panel iclası olub
Gəncə, 12 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Azərbaycan Könüllülük Xidməti” Yay məktəbinin iştirakçıları könüllülüklə bağlı panel iclası keçiriblər.
AZƏRTAC xəbər verir ki, Prezident yanında Gənclər Fondunun, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən iclasda yay məktəbinin iştirakçıları və şəhərin fəal gəncləri iştirak edib.
Tədbirdə Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, yay məktəbinin məqsədi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaqdır.
Seymur Hüseynov qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlanılıb. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra edib.
“Azərbaycan Könüllülük Xidməti” proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir fəaliyyət göstərir. Proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 gənclər evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxışlarında bildiriblər ki, Gəncədə keçirilən beynəlxalq səviyyəli tədbirlərin sayının artması və bununla bağlı geniş könüllü şəbəkəsinin olması gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Bu kimi tədbirlərin faydasını gənclərin işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək verilməsi, eyni zamanda, gənclər təşkilatlarına könüllülərin cəlb olunması və idarə edilməsi kimi məsələlərdə görmək olar.
Panel iclası zamanı Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi, genişmiqyaslı hərəkata çevrilməsi və perspektivləri müzakirə edilib. Həmçinin gənclər təşkilatlarında könüllülük, irimiqyaslı tədbirlərə könüllülərin cəlb olunması, beynəlxalq mühitdə könüllülük təcrübəsi, siyasəti və qanunvericilik, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində könüllülərin fəaliyyəti ilə bağlı mövzularda çıxışlar dinlənilib.