REGİONLAR


Gəncədə Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı öz işinə başlayıb VİDEO

Gəncə, 2 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 2-də Gəncə şəhərində Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı öz işinə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 800-ə yaxın ən fəal gənci iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzdə ucaldılan abidəsini ziyarət edib, dahi şəxsiyyətin ruhuna hörmət və ehtiramlarını bildiriblər.

“Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Toplantı iştirakçıları 1992-ci il oktyabrın 2-də Xocavənd rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində həlak olanların, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Bildirilib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin qeyd edildiyi dövrdə Azərbaycan gənclərinin növbəti forumunun məhz Cümhuriyyət hökumətinin işə başladığı şəhərdə təşkil olunması rəmzi məna daşıyır.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir. “Bu gün bu zala ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun ən fəal gəncləri toplaşıb. Bu bölgəmizin təbiəti səfalı və zəngin, iqtisadiyyatı çoxşaxəli, insanları işgüzar, cəsarətli, ənənələri möhkəm və genişdir. Bir ay ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol xəritələrinin icrasında iştirakı geniş müzakirə ediləcək. Bu müzakirələrdə 2 milyon 700 min Azərbaycan gəncini təmsil edən yüzlərlə nümayəndə iştirak edəcək”, – deyə A.Rəhimov bildirib.

Azad Rəhimov Gənclər və İdman Nazirliyinin yeni nəslin vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyəsini 3 istiqamətdə apardığını bildirib. Qeyd edib ki, vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb.

“Vətənpərvərlik elə bir hissdir ki, bir an ərzində özünü göstərir. Mübariz İbrahimov, Aprel döyüşçülərinin qəhrəmanlığı buna bariz nümunədir. Azərbaycan gənclərinin, bütün cəmiyyətin həmin günlərdəki yüksək vətənpərvərlik ruhu onu göstərir ki, Azərbaycan gəncləri düzgün tərbiyə edilir, onlar layiqli vətəndaşlardır” – deyə A.Rəhimov qeyd edib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar olaraq bölgələrimizdə və xarici ölkələrdə bir sıra tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı məhz “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” adlanır və birinci toplantı Gəncə şəhərində keçirilir. 1918-ci il mayın 28-də müsəlman şərqində yaranmış ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı məhz Gəncə şəhəri olub.

“Müasir Gəncə həm də gənclər şəhəridir. Şəhər əhalisinin 31 faizini gənclər təşkil edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Niyazi Bayramov qeyd edib ki, müasir Azərbaycan gənci idman, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər qazanır.

Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov dövlət gənclər siyasətindən danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə Azərbaycan dövlətinin savadlı, bilikli, bacarıqlı gənclərin inkişafı istiqamətində təhsil sahəsində görülmüş işləri diqqətə çatdırıb.

Sonra Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısında iştirak edən fəal rayon gənclərinin çıxışları dinlənilib.

Rəsmi hissədən sonra tədbirin ikinci hissəsi Gəncə Dövlət Filarmoniyasında davam etdirilib. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gəncləri, eləcə də regionda təmsil olunan QHT və ictimai birliklər, gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.

Sonda Gəncə Dövlət Filarmoniyasında Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısına həsr olunmuş konsert proqramı təqdim edilib.

Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.