REGİONLAR


Gəncədə Azərbaycan və Belarus müəssisələri arasında sənədlər imzalanıb

Gəncə, 19 may, E.Məmmədov, AZƏRTAC

Gəncə şəhərinə səfər edən Belarusun Baş naziri Roman Qolovçenko “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları qarşılayan Birliyin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, 2006-cı ildə Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müəssisədə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. Bu günə qədər müəssisədə 8 modeldə 12200-ə yaxın traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobili istehsal edilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edir.

Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-cı ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş” Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımı həyata keçirilir.

Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun iştirakı ilə “Gəncə avtomobil zavodu” İB-i və Belarus müəssisələri arasında əməkdaşlıq memorandumu və müqavilə imzalanıb. Traktorların komplektləşdiricilərinin alınması məqsədilə müqaviləni “Gəncə Avtomobil Zavodu” İB-nin direktoru B.Nəbiyev və Minsk Traktor Zavodunun direktoru V.Vovk imzalayıblar.

Sonra Belarusun “Qomselmaş” şirkətinin direktor müavini D.Afanasyev və “Gəncə Avtomobil Zavodu” İB-nin direktoru B.Nəbiyev iki müəssisə arasında niyyət memorandumunu imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.