REGİONLAR
Gəncədə “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda konfrans keçirilib
Gəncə, 18 iyul, AZƏRTAC
Gəncədə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən “Yeni hədəflərə doğru” vətəndaş həmrəyliyinin gücləndirilməsi layihəsi çərçivəsində “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda konfrans keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, burada fəaliyyət göstərən ali məktəblərin professor-müəllim heyəti, tələbələri, həmçinin QHT-lərin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı açan Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BNAM-ın sədri Rufiz Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən islahatlar və vətəndaş cəmiyyətinin bu prosesdəki rolu barədə məlumat verib. O bildirib ki, Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsi, “Elektron hökumət” portalının, “ASAN xidmət”in yaradılması, gömrük sistemində “bir pəncərə” prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir.
Qeyd olunub ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir.
Diqqətə çatdırılıb ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər və ictimaiyyət nümayəndələri ilə müxtəlif səpkili görüşlər keçiriləcək.
Tədbirdə çıxış edən digər iştirakçılar da bildiriblər ki, Azərbaycanda aparılan iqtisadi-siyasi islahatlar dövlətin güclənməsinə, vətəndaş cəmiyyətinin inkişafına, əhalinin sosial vəziyyətinin daha da yüksəlməsinə xidmət edir.
Konfrans müzakirələrlə davam etdirilib.