REGİONLAR
Gəncədə Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə hərbi yürüş keçirilib
Gəncə, 15 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhərinin işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Gəncənin Heydər Əliyev prospektində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub.
Şəhər icra hakimiyyətinin nümayəndələri, Vətən müharibəsi qaziləri, rəsmi şəxslər və şəhər sakinləri əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıraraq yürüşü izləyiblər.
Yürüşü fəxrlə seyr edən Vətən müharibəsi qazisi Bayram Kərimov bildirib ki, əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq ediblər. “Bu əlamətdar gündə burada Vətən müharibəsi qazisi kimi qürurla iştirak edirəm. Qardaş ölkə ilə münasibətlərimizin qədim tarixi var. Türkiyə və Azərbaycan ən çətin dövrlərdə belə bir-birinə qardaş dəstəyi nümayiş etdiriblər. Bu münasibətlərimiz hazırda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə inkişaf etməkdədir”, - deyə B.Kərimov vurğulayıb.
Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu şiddətli döyüşlərdən sonra Bakı şəhərini daşnak-bolşevik hərbi birləşmələrindən azad edib. Xalqımız Azərbaycanı daşnak-bolşevik təcavüzündən xilas edən türk şəhidlərinin xatirəsini daim ehtiramla anır.