İQTİSADİYYAT


Gəncədə “Bərk məişət tullantılarının idarə edilməsi” layihəsinin maliyyələşdirilməsi üzrə kredit müqaviləsi imzalanıb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl Proqram”ı çərçivəsində Gəncə şəhərində “Bərk məişət tullantılarının idarə edilməsi” layihəsinin maliyyələşdirilməsi üzrə kredit ayrılmasına dair Azərbaycan Hökuməti ilə müqavilə imzalanıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Gəncə Yaşıl Şəhər proqramı çərçivəsində ilk layihə olan “Bərk məişət tullantılarının idarə edilməsi” üzrə 10 milyon avro dəyərində kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov, AYİB adından bankın birinci vitse-prezidenti Yurgen Rigterink, layihə sazişini isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıb. AYİB-in Mərakeş şəhərində keçirilən illik toplantısı çərçivəsində videokonfrans formatında təşkil olunan imzalanma mərasimində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da iştirak edib.

Layihə Gəncənin AYİB-in Yaşıl Şəhərlər proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin Yaşıl Şəhər Tədbirlər Planının inkişafına təkan verəcək. Kredit Sazişlərinin şərtlərinə əsasən, “Bərk məişət tullantılarının idarə edilməsi” layihəsi iki mərhələ üzrə həyata keçiriləcək. İlkin mərhələdə ayrılmış kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq. Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Növbəti mərhələdə isə müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılması nəzərdə tutulur. Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, həmçinin kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını təmin edəcək.

İmzalanma mərasimində maliyyə naziri Samir Şərifov Azərbaycan ilə AYİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək hökumətin ölkə iqtisadiyyatının inkişaf hədəflərinə nail olmaq üçün həyata keçirdiyi mühüm layihələrə bankın göstərdiyi maliyyə dəstəyini vurğulayıb. AYİB ilə yaxın əməkdaşlıq çərçivəsində bir çox vacib infrastruktur layihələri həyata keçirildiyini vurğulayan nazir bu gün imzalanan sazişin də Gəncə şəhərinin kommunal infrastrukturunu dəstəkləyən layihə kimi əhəmiyyətinə diqqət çəkib.

Ərazisinə və əhalisinə görə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın raket və ağır artilleriya hücumları nəticəsində ciddi ziyan gördüyünü xatırladan S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən dərhal sonra hökumətin Gəncədəki dağıntıların nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər gördüyünü və bu baxımdan AYİB-in təqdim etdiyi Proqramın şəhərdə infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlərə sanballı töhfə olmaqla, eyni zamanda, əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcəyini vurğulayıb.

Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin icra olunduğu, tezliklə bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya olunmasının əsas hədəf olduğu diqqətə çatdırılıb. Nazir bu baxımdan Avropa İttifaqı tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması üçün təklif olunan maliyyə-kredit dəstəyinin göstərilməsi üçün iki əsas bankdan biri kimi AYİB-in müəyyən olunmasının təsadüfi olmadığını qeyd edib.

Azərbaycanda ilk “Yaşıl Şəhər” layihəsinə imza atmaqdan məmnunluqlarını ifadə edən AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink layihə çərçivəsində görüləcək işlərin şəhərin ekoloji problemlərinin həllinə mühüm töhfə verəcəyini və Gəncənin “Yaşıl Şəhər” kimi Cənubi Qafqazın ən dayanıqlı şəhərlərindən birinə çevrilməsinə imkan yaradacağına əminliyini ifadə edib. Birinci vitse-prezident, həmçinin qeyd edib ki, AYİB Azərbaycanın digər şəhərlərinin də infrastruktur problemlərinin həllində və daha canlı və yaşıl məkanlara çevrilməsinə kömək etmək üçün əməkdaşlıq etməkdə maraqlıdır. O, Gəncə şəhərinin ardınca Azərbaycanda yeni şəhərlərin Yaşıl Şəhərlər Proqramına daxil edilməsini təklif edib.

İmzalanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov layihənin əhəmiyyətindən danışaraq AYİB-in Azərbaycanla səmərəli və uzunmüddətli əməkdaşlığını diqqətə çatdırıblar. Bildirilib ki, “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilən ilk layihə Azərbaycan üçün daha yaxşı və dayanıqlı gələcəyin təmin olunmasına kömək edəcək.

Azərbaycan Respublikası 1992-ci il sentyabrın 25-dən etibarən AYİB-in üzvüdür. Azərbaycanda mühüm institusional investor olan AYİB-in Azərbaycandakı fəaliyyətinin əsas strateji istiqamətlərini iqtisadiyyatın şaxələndirilməsi, yerli kapital bazarlarının inkişafı və ölkədə yaşıl iqtisadiyyatın dəstəklənməsi təşkil edir. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.