REGİONLAR


Gəncədə Cavad xanın xatirəsi anılıb

Gəncə, 4 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə şəhər ictimaiyyətinin iştirakı ilə Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın anım mərasimi keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cavad xan türbəsinin önündə təşkil olunub.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən tarix elmləri doktoru, professor Həsənbala Sadıqov 1747-1804-cü illərdə Gəncə xanlığının keçdiyi inkişaf yolunu, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını bürüyən dərin sosial-iqtisadi, siyasi böhranın köklərini və xanlıqların üzərini alan işğal təhlükəsini tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya qoşununun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Çar imperiya qoşununun çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin yadellilərdən müdafiəsində Cavad xanın oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli mətanətlə vuruşaraq şəhid olub, 17224 nəfər dinc sakin əsir götürülüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, eləcə də digərləri çıxış edərək diqqətə çatdırıblar ki, Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq, Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. Odur ki, düşmən əsarətinə qarşı əyilməzlik və mübarizlik rəmzi kimi Cavad xanın xatirəsi nəinki gəncəlilər, eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qədim küçə və qəsəbələrindən birinə onun adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.