REGİONLAR
Gəncədə “EkoGənc” layihəsinin icrasına başlanılır
Gəncə, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
"Gəncə - 2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Prezident yanında Gənclər Fondunun maliyyə və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin texniki dəstəyi ilə şəhərdə “EkoGənc" layihəsinin icrasına başlanılır.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda ekologiyanın qorunması, ətraf mühitlə bağlı ekoloji aksiyalarda gənclərin rolunu artırmaq və dəstək olmaqdır.
Layihə rəhbəri Seymur Mirzəyev bildirib ki, gənclər arasında təbiətə, ətraf mühitə sevgi aşılamaq, ekoloji aksiyalara könüllü meyillilik hissləri yaratmaq lazımdır. Məhz layihənin mahiyyəti də ətraf mühitin qorunmasına dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, layihə müddətində “Sağlam həyat tərzi”, “Ekologiyanı qoruyaq” kimi mövzularda təlim və seminarlarla yanaşı, müxtəlif ekoloji aksiyalar təşkil olunacaq.