CƏMİYYƏT
Gəncədə “Forum Teatr” keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisi 10 mart - Milli Teatr Günü münasibətilə “Art Garden Ganja” ilə birlikdə ilk dəfə “Forum teatr” layihəsini həyata keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Gəncədə ikigünlük təlimlərdən sonra həvəskar aktyorlar və könüllülər tərəfindən səhnələşdirilən əsas tamaşa günü təşkil olunub. Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirilib.
“Forum Teatr” ilk dəfə 1960-cı ildə braziliyalı innovator və teatr praktikantı Auqusto Boal tərəfindən yaradılıb. Qısa tamaşalardan və improvizələrdən ibarət olan “Forum Teatr”da adətən cəmiyyətin gündəlik həyatında gündəmdə olan problemlər səhnələşdirilir. Sonda isə aktyor və izləyicilərlə birgə problemlərin həll yolları axtarılır və bu istiqamətdə müzakirələr aparılır.
“Art Garden Ganja”nin təsisçisi Murad Nəbiyevin və Mərkəzin Gəncə Regional Ofisinin direktoru Gülnar Məmmədovanın rəhbəri olduğu layihənin keçirilməsində əsas məqsəd gənclər arasında teatr mədəniyyətinin təbliği və canlandırılmasıdır.
Layihə çərçivəsində davamlı olaraq hər ay gənclər tərəfindən belə tamaşalarının səhnələşdirilməsi planlaşdırılır.