CƏMİYYƏT
Gəncədə “Gənclər üçün sahibkarlıq və icma inkişafı” forumu keçirilib
Bakı, 14 iyul, AZƏRTAC
Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclər üçün sahibkarlıq və icma inkişafı” forumu keçirilib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icra etdiyi “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi çərçivəsində keçirilən forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı və “ASAN School”un əməkdaşlığı ilə ərsəyə gəlib.
İkigünlük forumda rəsmilər, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.
Forumun birinci günündə müvafiq mövzularda panel iclasları keçirilib. Forumun ikinci günündə Milli Məclisin deputatı Müşfiq Cəfərovun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin direktoru Seymur Vəliyevin, Gəncə şəhəri Gənclər evinin direktoru Amil Qurbanovun, o cümlədən layihənin mentor-təlimçiləri Sevinc Məmmədova və Seymur Sadıxovun, Dövlət Məşğulluq Agentliyinin layihələrlə iş departamentinin baş mütəxəssisi Rəşidə Abdullayevanın çıxışları dinlənilib.
Sonda “Gənclər üçün imkanlar” adlı təqdimatlar həyata keçirilib.
Layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərəcək Resurs Mərkəzi yaradılıb. Mərkəz səkkiz ay müddətində müxtəlif fəaliyyətləri həyata keçirəcək.