REGİONLAR
Gəncədə Gürcüstanın ilk demokratik respublikasının 100 illiyi qeyd edilib
Gəncə, 1 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Gürcüstanın ilk demokratik respublikasının 100 illiyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze çıxış edərək bildirib ki, Gürcüstanın ilk demokratik respublikası 1918-ci il mayın 26-da Noe Jordanianın rəhbərliyi altında bəyan edilib. Gürcüstan xalqının tarixi seçiminin, demokratik dəyərlərinə sadiq olmasının, insan hüquqlarının qorunmasının, tolerantlıq və gender bərabərliyinin aydın nümunəsi olan ilk demokratik respublika cəmi 3 il fəaliyyət göstərib.
O qeyd edib ki, bu gün Gürcüstan məqsədyönlü və güclü bir şəkildə ölkə iqtisadiyyatını, beynəlxalq əlaqələri, sosial və siyasi həyatın müxtəlif sahələrini inkişaf etdirir.
Tədbirdə Gürcüstan ilə Azərbaycan arasındakı mövcud əlaqələrdən də söz açılıb, iki ölkənin strateji tərəfdaş olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan-Gürcüstan arasında mədəniyyət, təhsil, səhiyyə, turizm və idman sahəsində də münasibətlər inkişaf edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ilk demokratik respublikanın 100 illiyi münasibətilə Gürcüstan xalqını təbrik edib. Ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən Elmar Vəliyev, Azərbaycan və Gürcüstan xalqları arasında qədim dostluq münasibətlərinin olduğunu vurğulayıb.
Qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionlar arasında da qurulub. Gəncə və Kutaisinin qardaş şəhərlər olması buna misaldır.
Sonra qonaqlara Gürcüstan milli mətbəxinin təamları təqdim edilib.
Gürcüstanın tarixini, mədəniyyətini, memarlığını, mətbəxini əks etdirilən fotolar nümayiş olunub.