İQTİSADİYYAT
Gəncədə II Beynəlxalq şərab festivalı keçiriləcəkdir
Gəncə, 24 oktyabr (AZƏRTAC). İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, festivala hazırlıqla bağlı Gəncədə şəhər fəallarının iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində keçiriləcək festivalda 30-dan çox ölkədən dəvət olunmuş 200-dək qonaq qədim Şərqin əsas ticarət və mədəniyyət mərkəzi rolunu oynamış Gəncədə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə birgə təşkil olunacaq elmi-praktik konfransda iştirak edəcəkdir.
İki gün davam edəcək tədbir zamanı iştirakçılar şəhər gəzintisində, eləcə də tarixi yerlərə ekskursiyalarda olacaq, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, Cavad xanın məqbərələrini ziyarət edəcək, Xan bağına, “Xəmsə” kompleksinə, Şah Abbas məscidinə baş çəkəcəklər. Onlar Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgiyə baxacaq, Cavad xan küçəsində təşkil ediləcək II Beynəlxalq şərab festivalında iştirak edəcəklər. Burada açılacaq sərgidə şərabçılıq mədəniyyətinin formalaşması, onun ənənələrinin təbliği üçün respublikamızda fəaliyyət göstərən şərab müəssisələrinin, həmçinin Fransa, İtaliya, İspaniya, Rumıniya, Çex Respublikası, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Çin, Avstriya, ABŞ, İsveçrə və İsraildən şərabçılıq ittifaqlarının və assosiasiyalarının, məhsulları nümayiş etdiriləcəkdir.