REGİONLAR


Gəncədə KOB Fest sərgi-satış yarmarkası keçirilib

Bakı, 13 may, AZƏRTAC

Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə şəhərində “Xan bağı”nın ərazisində təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarka sayca üçüncüdür. Bundan əvvəl “KOB Fest” Bakı şəhərində və Şəmkir rayonunda təşkil edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Gəncə “KOB Fest”də 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri təqdim olunub. Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar tərəfindən yarmarkada qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, əl işləri nümayiş edilib.

“KOB Fest” çərçivəsində, həmçinin sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçirilib, biznes xidmətlər göstərilib, mədəni-əyləncəli proqram təşkil olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.