SİYASƏT
Gəncədə NATO-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə edilmişdir VİDEO
Gəncə, 5 iyul, (AZƏRTAC). İyulun 5-də Gəncə şəhərində NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar Gəncə Avratlantik Məlumat Mərkəzi tərəfindən “NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin beynəlxalq münasibətlər üzrə aparıcı eksperti Vüqar Qurbanov NATO-Azərbaycan tərəfdaşlığının bugünkü dinamikası, ölkəmiz ilə Şimalı Atlantika Alyansı arasındakı geniş spektrli tərəfdaşlığın perspektivləri barədə danışmışdır.
“Dəyirmi masa”da NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru xanım Despina Afentouli “NATO-Azərbaycan əlaqələri və Uels sammitinin prioritetləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O, NATO-Azərbaycan tərəfdaşlığının əhəmiyyəti və Şimalı Atlantika Alyansının Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarına Azərbaycanın töhfəsi, həmçinin NATO-nun Uelsdə keçiriləcək növbəti sammitində müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat vermişdir.
NATO-nun ictimai diplomatiya bölməsinin maliyyə dəstəyi ilə həyata keçirilən və 50-dən artıq ictimaiyyət nümayəndəsinin iştirak etdiyi “dəyirmi masa”da müzakirə olunan mövzuya dair iştirakçıları maraqlandıran suallar da cavablandırılmışdır.