REGİONLAR
Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş növbəti tədbir
Gəncə, 29 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Tibb Kollecində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Musa Quliyev, kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Tibb Kollecin direktoru Mehman Rzayev qonaqları salamlayaraq, tədbirin mahiyyətindən söz açıb. O qeyd edib ki, Nizami Gəncəvi dövrünün mühüm mədəniyyət mərkəzlərindən olan Gəncədə yaşayıb-yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.
Daha sonra kollecin tələbələrinin ifasında dünya ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin müdrik kəlamları səsləndirilib, dahi şairin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.