İDMAN
Gəncədə “Qızlar futzal kuboku” turniri keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Gəncədə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda 12 məktəbdən 107 şagird iştirak edib.
Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə play-off mərhələsinin qarşılaşmaları və final oyunu keçirilib. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkcələri ilə təmin olunub.
Gəncə şəhər 28 nömrəli tam orta məktəbin komandası birinci olub. M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, M.Müşviq adına 14 nömrəli tam orta məktəb isə üçüncü pillədə başa vurublar.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Turnirin ən yaxşı oyunçusu adına M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin şagirdi Şahnaz İsmayılova layiq görülüb.
Xatırladaq ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Sayca altıncı dəfə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qaxda təşkil olunub.